
Dövlət Komissiyası 2007-ci ildən bəri bir dəfə də toplaşmayıb
Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə 2007–ci il fevralın 28-də yaradılan Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası indiyədək bir dəfə də toplaşmayıb.
Halbuki, bu illər ərzində, ləng də olsa, özəlləşdirmə gedib və dövlətin minlərlə müəssisə və obyekti hərrac və müsabiqələrdə satılıb.
Kütləvi özəlləşdirmənin təmin olunması üçün buraxılmış dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti də elə həmin dövrdə başa çatıb.
Üstündən 1 ay deyil, 9 il ötsə də…
Mütəxəssislər rəsmi səbəbi açıqlanmasa da, komissiyanın yaradılması haqqında sərəncamın sonadək icra edilməməsinə diqqət çəkirlər. Komissiyanın tərkibinə 13 nazir, 2 komitə sədri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.
Sözügedən sərəncamda prezident Nazirlər Kabinetinə tapşırıb ki, bir ay müddətində “Dövlət Komissiyası haqqında Əsasnamə” layihəsini hazırlayıb təsdiq üçün ona təqdim edilsin.
Amma sənədin hazır olub-olmamasına dair heç bir məlumat yoxdur. Daha doğrusu, indiyədək dövlət başçısının imzaladığı sənədlər arasında həmin sənədə təsadüf edilməyib.
Nazirlər Kabinetinin mətbuat xidmətində AzadlıqRadiosuna sözügedən sənəd haqqında məlumat verə bilməyiblər.
Əvəzində sorğu məktubu göndərməyi xahiş ediblər.
Düşünmək olar ki, həmin sorğunu da, ən azı, prezident sərəncamının taleyi gözləyə bilər.

