AXCP Sədri Razi Nurullayev: “Bu iqtidar gedəcək və qanun çərçivəsində cavab verməli olacaq” – VİDEOMÜSAHİBƏ


razi bey

“Azərbaycanda siyasi məhbusların olması ölkəmiz üçün utancvericidir. Xalq üçün biabırçılıqdır. Azərbaycanın adına xələl gətirir. Bu barədə birinci növbədə Azərbaycanda hakimiyyəti əlində zorla saxlayan, polis rejiminə söykənən YAP iqtidarı düşünməlidir. Çünki birinci zərbə onlara dəyməkdədir”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri TalkTV-yə müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

Partiya sədri bildirib ki, bu gün iqtidar Azərbaycana sanksiya tətbiq ediləcəyi ilə bağlı narahatlıq keçirir və bunun qarşısını almaq üçün lobbi təşkilatlarına milyonlarla pul xərcləyir:

“Amma öz xalqı ilə həbs, qorxu və siyasi məhbus dilində danışır. Bu gün Azərbaycanın kifayət qədər ehtiyaclı bir büdcəsi var. Yüz minlərlə insan işsiz qalıb. Yüz minlərlə insan bu gün iş axtarmaq üçün bu və ya digər qapıları döyməkdədir 

Amma bununla bərabər Azərbaycan hakimiyyəti milyonlarla vəsaiti lobbi təşkilatlarına xərcləyir ki, Azərbaycana sanksiya tətbiq olunmasın, yaxud Azərbaycanla sanksiya dilində danışmasınlar, Azərbaycan iqtidarına, Azərbaycan prezidentinə hörmət qoysunlar. Amma birinci növbədə Azərbaycan hakimiyyəti özü – özünə hörmət qoymalıdır. Bunun yolu isə Azərbaycanda əsl demokratiyanın yaradılması üçün bir cığırın açılması, islahatların keçirilməsidir”.

“Əgər bu gün Azərbaycanda siyasi məhbus varsa, azadlığa çıxmalıdır və bu “varsa” sözü artıq həqiqətdir” deyən AXCP sədri qeyd edib ki, bütün dünya ölkəmizdə 100-ə yaxın siyasi məhbusun olduğunu qəbul edib:

“Bu insanlar ağır cinayət törətməyib, adam öldürməyib, ictimai asayiş üçün heç bir təhlükə kəsb etmirlər və onların həbsdə qalması sadəcə biabırçılıqdır. Məsələn, “REAL” Hərəkatının sədri İlqar Məmmədov. İlqar Məmmədov azadlığa çıxsa, nə edəcək? Adam öldürəcəkmi? Yaxud deyək ki, törətmədiyi cinayəti yenidən törədəcəkmi? Nə edəcək İlqar Məmmədov? İlqar Məmmədov siyasətçidir, çıxacaq, yenə də tənqid edəcək və yaxud hərəkatını gücləndirməyə çalışacaq. O, ağıllı, dəyərli bir siyasətçidir. Müsavat yetkilisi həbsdə niyə qalmalıdır? Necə ola bilər ki, Müsavat yetkilisi Tofiq Yaqublu həbsdə qalsın? Tofiq Yaqublu müharibə veteranıdır. Kifayət qədər sayğıdəyər, sevgidəyər, hörmətli vətəndaşdır, niyə həbsdə qalmalıdır? Xüsusən də ailəsində böyük bir faciə baş verib, öz qız övladını itirib, bu insanı niyə həbsdə saxlamalıdırlar? Məgər o ictimai asayiş, xalq, cəmiyyət üçün təhlükə kəsb edir?Xeyr, etmir. Jurnalist Seymur Həzi, jurnalist Xədicə İsmayılova, çox dəyərli bir insan, çox dəyərli dostumuz, hər kəsin sevdiyi İntiqam Əliyev, niyə bu insanlar həbsdə qalmalıdırlar? Bu insanlar cəmiyyətə ancaq xeyir verə bilərlər, ziyan yox”.

Razi Nurullayev bildirib ki, əgər bu dəfə də Novruz bayramı ərəfəsində Prezident vicdan məhbuslarını əfv etməsə, bu, Azərbaycan üçün heç bir xoş gələcək vəd etməyəcək:

“Bu insanlar azadlığa çıxmalıdır və Azərbaycanın ən böyük problemi, iqtidarın ən böyük problem budur. Bu insanları azadlığa buraxmırsa, demək hakimiyyət Konstitusiyadan öz iradəsinə uyğun istifadə etməəy çalışır, qanunları pozur, Konstitusiyanı tapdalayır və Azərbaycan xalqına hörmət etmir. Əgər iqtidar Azərbaycan xalqına hörmət etmir, onun dəyərli insanlarını həbsdə saxlayır, siyasi məhbus məsələsini həll etmir, xalqı ilə hədə- qorxu dilində danışırsa, belə iqtidar bizə lazım deyil. Bu iqtidar nə zamansa gedəcək və gedəndən sonra da təbii ki, qanunlar çərçivəsində cavab verməli olacaq. Amma bu iqtidarın və şəxsən İlham Əliyevin bu gün imkanları var ki, adını tarixə yaxşı sözlərlə yazdırsın. Bu gün Azərbaycanda demokratiyanın inkişafı üçün hər cür şərait var. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət qurulmuş ölkədir. Azərbaycan Səfəvilər dövlətinin, Səfəvi imperiyasının varisidir. Azərbaycan xalqı heçdən, yoxdan yaranan bir xalq deyil. Keçmişi, tarixi, ənənələri, ədəbiyyatı var. Nəyə görə keçmişi olan bir xalq bu gün rəzil bir gündə yaşamalıdır? Rəzil bir siyasətin, rəzil bir iqtisadiyyatın içində olmalıdır? Bax, budur problem”.

AXCP sədri sonda bir ay ərzində siyasi məhbusların azad edilməsini tələb və ümid etdiklərini vurğulayıb: “Çünki onlar cinayətkar deyillər, haqları olan azadlıqlarına qovuşmalıdırlar”.

http://videochart.net/video/2y391.39541308519dc191b4c472e1fa59