Britaniya qəzetləri xərçəng xəstəliyinin bütün növlərinin tamamilə müalicəsini təmin edəcək yeni üsulun tapıldığından yazır.
“The Daily Telegraph” qəzetində dərc olunmuş məqalədə deyilir ki, alimlər xərçəng xəstəliyinin “Axilles dabanı”nı aşkar ediblər və yeni müalicə metodu hətta xəstəlik orqanizmdə geniş yayıldığı hallarda da səmərəli olacaq.
Yeni üsulun müəllifləri bildirirlər ki, bütün növ xərçəng xəstəliklərini birləşdirən ümumi bir cəhət onların hamısının fərqləndirici “bayraq” daşımasıdır. İnsanın immun sistemi xəstəlikləri, o cümlədən xərçəngi də məhz onun özünəməxsus “bayrağından” tanıyır.
Xərçəngə qarşı indiyədək tətbiq olunan bütün üsullar ona görə səmərə vermirdi ki, xərçəng hüceyrələri son dərəcə sürətlə dəyişir, mutasiya edir və dərmanlara tabe olmurlar.
Lakin sözü gedən əlamət “bayraqları” hətta bu halda da dəyişməz qalır.
Hüceyrələrin ovlanması və artırılması
London Kollec Universitetindən və Britaniya Xərçəng Araşdırmaları Mərkəzindən olan tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, hətta mutasiyaya uğramış xərçəng hüceyrələrində də onların “imzasını” daşıyan molekullar mövcuddur.
Antigen adlandırılan bu molekullar immun sisteminin tanıdığı toksin maddələrdən ibarətdir.
Bu antigenlərə qarşı mübarizə aparan hüceyrələr orqanizmdə var, lakin onların sayı o qədər azdır ki, xərçəng hüceyrələri ilə bacara bilmirlər.
Məhz buna görə də yeni müalicə metodu bu hüceyrələrin “ovlanmasını və artırılmasını” və təkrar insan orqanizminə yeridilməsini nəzərdə tutur. “İnsanın immun sistemində xərçəngi tutmağa çalışan hüceyrələr cinayətkarı yaxalamağa çalışan polisi xatırladır” – deyib doktor Sergio Quezada.
Doktor Quezada <span >Britaniya Xərçəng Araşdırmaları (Cancer Research UK) Mərkəzinin həkimi, habelə Kollec Universitetində İmmun Sisteminin Tənzimlənməsi və Xərçəng İmmunoterapiyası laboratoriyasının rəhbəridir.
Polis və canilər kimi

Xüsusi tibbi bilikləri olmayanlar üçün daha aydın olsun deyə, professor yeni müalicə üsulu barədə bənzətməli məlumat verib. “Genetik baxımdan müxtəlif olan şişlər qarətçilikdən tutmuş qaçaqmalçılığadək ən müxtəlif cinayətlərlə məşğul olan bandaları xatırladırlar, – deyib alim, – İnsanın immun sistemi isə polisə bənzəyir. Polis cinayətlərin qarşısını almağa çalışır, lakin bu qədər müxtəlif cinayətlərin baş verdiyi vaxtlarda o gücsüz görünür”.
“Bizim araşdırmalarımız göstərir ki, müxtəlif yerlərdə baş verən cinayətləri boş yerə izləməkdənsə, biz polisə bütün mütəşəkkil cinayətkarlığın kökü barədə mühüm informasiya veririk. Bu məlumat xəstənin şişindəki xərçəngin ən zəif nöqtəsidir. Beləliklə, mühüm informasiya ilə immun sistemi xəstəliyi bütövlükdə silib məhv etmək imkanı əldə edir” – deyib tədqiqatçı.
Elmi dildə isə bu o deməkdir ki, gələcəkdə həkimlər sözü gedən “bayraqları” aşkar etmək məqsədilə şişlərin genetik quruluşuna diqqət yönəldəcəklər. Bundan sonra onlar milyonlarla immun hüceyrələri artırıb insanın orqaniziminə yeridəcəklər.
Şişin genetik quruluşunun öyrənilməsi habelə xərçəngə qarşı vaksinlərin hazırlanmasına yol aça bilər.
Barmaq izləri kimi təkrarsız
Ən əhəmiyyətli məqam budur ki, xərçəngə qarşı indiyədək əldə olunmuş preparat və vasitələr xəstəliyin erkən mərhələdə olmasını tələb edir. Lakin yeni metodologiya artıq metastaz vermiş, yəni bədənin başqa orqanlarına yayılmış xərçəngin də müalicəsinə imkan yaradacaq.
Qəzet yazır ki, Britaniyada xərçəngdən sağ qalan pasientlərin sayı ildən-ilə artsa da, xəstəliyi gec mərhələlərdə aşkar edilənlərin yaşamasına çox az ümid yeri olur. Məqalədə deyilir ki, insanın barmaq izləri kimi onun xərçəng şişlərinin də quruluşu təkrarsızdır və buna görə də müalicə edilən hər bir xəstədən biopsiya materialının götürülməsi vacib sayılacaq. Başqa sözlərlə hər bir xəstənin öz immun sistemindən çıxarılmış hüceyrələr artılıraq təkrar onun özünə vurulacaq. Tədqiqatçılar ümid edirlər ki, yeni müalicə üsulunun xəstələr üzərində tətbiqi yaxın iki ildə başlana bilər.
Diqqətəlayiq cəhətlərdən biri də budur ki, yeni üsul orqanizmin müxtəlif yerlərinə yayılmış xəstəliyin bir müalicə ilə “təmizlənməsini” təmin edəcək. Professor Peter Johnson deyir ki, yeni üsul həmçinin indiyədək tətbiq edilən metodların zəiflik səbəblərini ortaya qoyub.