Əfvdən sonra: Siyasət meydanına, yoxsa mühacirətə?


Siyasi məhbusların əfv olunmasından sonra onların ölkəni tərk edərək mühacirətə gedəcəyi ilə bağlı bir çox fikirlər səsləndirilir. Həbsdən azad olunduqdan sonra Cebhe.info-ya müsahibə verən Nemət Pənahlı  fəaliyyətini  ölkədə davam etdirəcəyini bildirib.

Bəs əfv olunan digər siyasilər mühacirətə getmək haqda nə düşünür?

Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu Cebhe.info-ya açıqlamasında belə bir fikrinin olmadığını bildirib:

“Mən Azərbaycan vətəndaşlarını mühacirətə getməyə məcbur edən şərtlərə qarşı mübarizə aparmaq üçün çıxmışam. Belə bir fikrim heç vaxt olmayıb. Qaldığımız yerdən yola davam edəcəyik. Nə qədər ki, bu hakimiyyət iş başındadır, mübarizə davam edəcək”.

Seçki Monitoriq Mərkəzinin rəhbəri Anar Məmmədlinin sözlərinə görə, uzun müddət ailəsindən ayrı olduğu üçün vaxtını ailəsi ilə keçirməyə üstünlük verəcək:

“Mən ailəmə bağlı adamam. Biz Azərbaycandayıq, heç bir ölkəyə köçmək fikrimiz yoxdur. Mənim belə bir planım olmayıb. Sadəcə, indi ictimai fəaliyyətlə məşğul olmaq imkanlarım yoxdur. Ancaq bu o demək deyil ki, mən ölkəni tərk etməliyəm, mühacirətə getməliyəm və ya xaricdə fəaliyyət göstərməliyəm. Fəaliyyət göstərməyə imkan yoxdursa, bu, başqa məsələdir. Ən ciddi təzyiq həbs idi, onu da yaşamışam. Bundan artıq daha heç nə ola bilməz. Bizim ailəmizin planında belə bir şey qətiyyən yoxdur”.

Cebhe.info-ya açıqlamasında NİDA Gənclər Hərəkatının üzvü Rəşadət Axundov siyasi mühacirətə getmək fikrinin olmadığını deyib:

“Amma gələcəkdə təhsillə, karyera ilə bağlı ola bilər ki, xaricə gedim. Ancaq konkret olaraq siyasi mühacir statusu ilə bağlı belə bir planım yoxdur. Hal-hazırda da NİDA-nın üzvüyəm, siyasi fəaliyyətimi davam etdirəcəyəm”.

Respublika Alternativ Hərəkatı (REAL) üzvü Rəsul Cəfərov da  mühacirət fikrinin olmadığını bildirib:

“Mən nə öz açıqlamalarımda, dostlar arasında belə bir fikri ümumiyyətlə səsləndirməmişəm. Mən heç vaxt öz fəaliyyətimi konkret olaraq siyasi fəaliyyət saymamışam. Mən həmişə hüquq müdafiəsi ilə məşğul olmuşam. Qeyri Hökumət Təşkilatında işləmişəm. QHT-lərin göstərdiyi fəaliyyət də bütün dünyada olduğu kimi, Azərbaycanda da istər qanunvericilik baxımından, istərsə də praktika baxımından siyasi fəaliyyətdən daha çox ictimai fəaliyyət kimi başa düşülür. Bundan sonra da fəaliyyət göstərsəm, ictimai fəaliyyətimi davam etdirəcəyəm. Siyasi fəaliyyətim yalnız və yalnız Respublika Alternativ Hərəkatında təmsilçiliklə məhdudlaşacaq. Başqa siyasi fəaliyyət göstərmək planım yoxdur”.

Vilayət Muxtar

Cebhe.info