
AZAL Prezidenti Cahangir Əsgərovun korrupsiya yolu ilə milyardları mənimsəməsi, bizim milləti bəyənməməsi, az qala Azərbaycan millətinə və dilinə nifrət etməsi barədə dəfələrlə yazmışdım. Onun başçılıq etdiyi dövlət qurumunda azərbaycan dilində danışmağın qəbahət olduğunu, danışıq dilinin rus dili olması barədə onlarla digər yazılar da olmuşdu.
Dünən Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında 22 yaşlı əslən azərbaycanlı olan Nicat Rəhimovun dünya rekordlarını qırmaqla Qazaxıstan yığma komandasına qızıl medal qazandırması bir daha Cahangir Əsgərov fenomenini yada salmağa məcbur etdi. Bir daha əmin oldum ki, bu şəxs azərbaycan adında olan hər kəsə nifrət edir!
Cahangir Əsgərov “AZAL” Prezidenti olmaqdan başqa həm də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Prezidentidir.

Məhz bu təşkilat bu gün olimpiya çempionu, az əvvəl isə dünya çempionu olmuş azərbaycanlı Nicat Rəhimovu Azərbaycandan didərgin saldı. Məhz Cahangir Əsgərovun icraçı direktoru İsgəndər Əsgərov bu sözləri demişdi: “Nicatın şəxsi məşqçisi onun atasıdır. Atası isə çörəkbişirəndir. Ancaq Zlatan peşəkar məşqçidir”. Cahangir Əsgərovun təşkilatının çörəkpişirən adlandırdığı bu Kişi dəfələrlə Azərbaycan ağır atletlərinin məcburən dopinq qəbul etdiklərini, heç bir nizam intizam olmadığını mətbuatda da elan etmişdi.

Nəticə görmədikdə isə oğlu Nicatı özü məşq etdirmiş, Qazaxıstan yığmasına aparmış və bu ölkəyə dünya və olimpiya oyunlarının qızıl medallarını qazandırmışdır. Cahangir Əsgərovun başçılıq etdiyi federasiya və idmançılar isə dopinq qalmaqalına görə dəfələrlə dünya gündəminə gəlmiş, 20 yaxın idmançı dopinq qəbul etdiyinə görə yarışlardan uzaqlaşdırılmış, Azərbaycan isə dünyada biabır olmuşdu.
Sonda nəzərinizə çatdırım ki, Braziliya Yay Olimpiya oyunlarında iştirak edən 56 idmançılarımızdan 35-i leqioner və yalnız 21 nəfər azərbaycanlıdır. Qızıl medal qazanacaq azərbaycanlıları ölkədən qovub əcnəbilərə milyonlar verib olimpiadaya göndəririk. Onlar da sonuncu yerləri tuturlar. Dünya Şöhrətli rəhmətlik Vüqar Həşimovla da eyni cür davranmışdıq.
P.S. Azərbaycanlı olaraq Nicat Rəhimovu həm qızıl medal qazanması, həm də bu korrupsionerlərin əlində alətə çevrilmədiyinə görə təbrik edirəm!
Hüquqşünas Aslan Ismayılov


You must be logged in to post a comment.